Xəbərlər

“Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” mövzusunda tədbir keçirilib
30 iyun 2026, 17:58

30 iyun 2026-cı il tarixində “Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Dərələyəzli gənclərin elm, təhsil, idman və yaradıcılıq sahələrində əldə etdikləri nailiyyətləri, eləcə də müxtəlif müsabiqələrdə qazandıqları uğurları əks etdirən sərgi ilə tanış olublar. Sərgidə gənclərin müəllifi olduqları müxtəlif əl işləri, rəsm əsərləri, elmi və yaradıcılıq nümunələri nümayiş etdirilib.

Rəsmi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.

Ardınca tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açaraq Dərələyəz mahalının zəngin tarixi, mədəni irsi və yetişdirdiyi ziyalıların Azərbaycan cəmiyyətindəki rolundan bəhs edib. O, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvləri, professor Mahirə Hüseynova və Faiq Xudayevin Dərələyəz mahalının tarixi-mədəni irsinin yaşadılması, Qərbi Azərbaycana Qayıdış ideyasının təbliği və gənclərlə sistemli işin təşkili istiqamətində həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirərək onlara İcmanın təşəkkürünü bildirib.

Ə. Ələkbərli tədbirdən əvvəl təşkil olunan sərgi ilə tanış olduqlarını, Dərələyəzli gənclərin əl işlərini, yaradıcılıq nümunələrini və idman sahəsində qazandıqları uğurları yüksək qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, tarix boyu Dərələyəz mahalı Azərbaycanın görkəmli ziyalılarını, elm və mədəniyyət xadimlərini yetişdirib və bugünkü gənclərin nailiyyətləri həmin ənənənin davam etdiyini bir daha sübut edir.

Çıxışında Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da toxunan Əziz Ələkbərli bildirib ki, Prezident tərəfindən irəli sürülən bu strateji ideya artıq real mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər, xüsusilə son aylarda Naxçıvanda keçirilən festival və konqresin, Şamaxıda və Göygöldə keçirilən festivalların əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz İcmasının sədri, professor Mahirə Hüseynova təkcə gənclərin uğurlarının təqdim olunduğu bir görüş olmadığını, həm də milli yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Professor qeyd edib ki, bu gün Qərbi Azərbaycana Qayıdış ideyasının əsas daşıyıcıları məhz gənclərdir. O, Qarabağın işğaldan azad olunmasında gənclərin göstərdikləri qəhrəmanlığı xatırladaraq, Qərbi Azərbaycana qayıdış yolunda da aparıcı qüvvənin yenə gənclər olacağına əminliyini ifadə edib. "Qarabağa Zəfəri gətirən gənclər oldu. Biz yaşlı nəsil onların yolunu gözləyirdik. İnanıram ki, Qərbi Azərbaycana qayıdışın da əsas aparıcı qüvvəsi siz – gənclər olacaqsınız. Biz sizə inanırıq və bu inamın haqqını verəcəyinizə əminik", – deyə Mahirə Hüseynova vurğulayıb. Professor Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi elmi-tədqiqat və nəşr layihələrindən də bəhs edərək bildirib ki, hər bir kəndin tarixi, toponimləri, maddi-mədəni irsi və görkəmli şəxsiyyətləri barədə ayrıca kitabların hazırlanması istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, bu prosesdə gənclərin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

"Biz istəyirik ki, hər bir kəndimizin tarixi yazılsın. Hər bir bulağın, dağın, yaylağın, yurd yerinin adı gələcək nəsillərə çatdırılsın. Bu işdə gənclərin araşdırmaları və təşəbbüsləri bizim üçün çox dəyərlidir", – deyə Mahirə Hüseynova bildirib. Çıxışının sonunda professor gənclərə müraciət edərək onların bütün təşəbbüslərinə açıq olduqlarını bildirib və vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının qapıları hər bir gəncin üzünə açıqdır. "Sizin hər bir uğurunuz bizim uğurumuzdur. Sizin sevinciniz də, probleminiz də bizim üçün önəmlidir. Qərbi Azərbaycana qayıdış yolunda ən böyük ümidimiz sizsiniz və inanırıq ki, bu müqəddəs amalın həyata keçməsində öz sözünüzü deyəcəksiniz", – deyə Mahirə Hüseynova çıxışını yekunlaşdırıb.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, tədbirin əsas dəyəri yalnız Dərələyəz mənşəli gənclərin qazandıqları fərdi uğurların təqdim olunması deyil, həm də milli yaddaşı, tarixi kimliyi və Qərbi Azərbaycana Qayıdış ideyasını gələcək nəslə ötürən gənclərin bir araya gəlməsidir.

O qeyd edib ki, bu gün burada iştirak edən gənclərin əksəriyyəti Dərələyəzdə doğulmasa da, onların hər biri doğma yurd sevgisini, milli kimliyini və Qərbi Azərbaycana bağlılığını öz fəaliyyətində yaşadır. Deputat vurğulayıb ki, gənclərin elm, təhsil, idman, incəsənət və digər sahələrdə əldə etdikləri uğurlar Azərbaycanın intellektual və mənəvi potensialının göstəricisidir.

Hikmət Babaoğlu bildirib ki, tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən gələn Dərələyəzli gənclərin bir araya toplaşması həm onların bir-birini daha yaxından tanımasına, həm də gələcək əməkdaşlıqların qurulmasına imkan yaradır. Onun sözlərinə görə, bu cür görüşlər Qərbi Azərbaycandan olan gənclər arasında həmrəyliyin möhkəmlənməsinə və ortaq məqsədlər ətrafında birləşməsinə mühüm töhfə verir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, Paşalı rayon İcmasının sədri, dosent Faiq Xudayev çıxışında bildirib ki, "Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri" adlı tədbir təkcə Dərələyəz mahalından olan gənclərin görüşü deyil, eyni zamanda özündə bütöv bir nəslin keçmişini, bu gününü və gələcəyini yaşadan, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən mühüm bir platformadır. Onun sözlərinə görə, bu gün burada toplaşan gənclər Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların ideallarını yaşadan, onların əmanətini gələcəyə daşıyan nəslin nümayəndələridir. Natiq vurğulayıb ki, tədbirdən əvvəl nümayiş etdirilən sərgidə gənclərin rəsm əsərləri, əl işləri, idman nailiyyətləri və müxtəlif istiqamətlər üzrə qazandıqları uğurlarla tanış olublar. O bildirib ki, həmin nümunələr Dərələyəz mahalının əsrlər boyu istedadlı insanlar yetişdirdiyini bir daha təsdiqləyir. Tarixən bu torpaqlar Azərbaycanın elm, mədəniyyət və ictimai fikir həyatına böyük töhfələr vermiş ziyalılar yetişdirib və bu günün gəncləri də həmin ənənəni uğurla davam etdirirlər. Faiq Xudayev qeyd edib ki, tədbirdə iştirak edən gənclərin əksəriyyəti Dərələyəzdə doğulmayıb. Bununla belə, onların hər biri öz qəlbində doğma yurd sevgisini, Qərbi Azərbaycana bağlılığı və qayıdış arzusunu yaşadır. O bildirib ki, gənclərin yaratdıqları rəsm əsərlərində, iştirak etdikləri yarışlarda, qazandıqları medallarda və elmi nailiyyətlərində bu bağlılıq açıq şəkildə hiss olunur. Onlar idmanda, musiqidə, elmdə, incəsənətdə və digər sahələrdə əldə etdikləri uğurlarla Azərbaycanı layiqincə təmsil etməklə yanaşı, Dərələyəz mahalının adını da qürurla yaşadırlar. Faiq Xudayev qeyd edib ki, Dərələyəzli gənclərin qazandıqları uğurlar daha geniş ictimaiyyətə çatdırılmalıdır.

Çıxışının sonunda Faiq Xudayev tədbirin təşkilində əməyi olan Qərbi Azərbaycan İcmasının rəhbərliyinə, İcmanın aparatına, Keşkənd rayon İcmasının sədri Mahirə Hüseynovaya və bütün təşkilatçılara təşəkkürünü bildirib. O qeyd edib ki, Qərbi Azərbaycan İcması böyük bir ailədir və bu ailənin hər bir üzvünün uğuru ümumi sevinc kimi qarşılanır. Gənclərə müraciət edən natiq onları İcmanın fəaliyyətində daha fəal iştirak etməyə çağırıb, hər zaman onların yanında olduqlarını bildirərək gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Çıxışlardan sonra ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş bir qrup gəncə, eləcə də onların valideynlərinə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri, döş nişanları və təşəkkürnamələr təqdim olunub. Bildirilib ki, bu cür təşəbbüslər gənclərin elmə və təhsilə marağının daha da artırılmasına, onların yeni uğurlara həvəsləndirilməsinə xidmət edir.

Tədbirdə Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Adıgözəlli Ramal çıxış edərək buraxılış imtahanında əldə etdiyi 300 ballıq nəticənin ona daha böyük hədəflər müəyyənləşdirməyə stimul verdiyini bildirib. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, ictimai fəal İlahə Xudayeva da çıxış edərək beynəlxalq təhsil təcrübəsi, müxtəlif ölkələrdə iştirak etdiyi olimpiada və müsabiqələr barədə danışıb. Hazırda Honkonq Universitetində təhsil alan gənc bildirib ki, dünyanın müxtəlif ölkələrində əldə etdiyi uğurlar Azərbaycanın və Qərbi Azərbaycandan olan gənclərin potensialını nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.

Daha sonra istedadlı gənclərə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri və təşəkkürnamələri təqdim olunub.

Rəsmi hissənin ardından gənclərin ifasında rəngarəng bədii proqram təqdim edilib. Tədbir iştirakçıları milli rəqs nümunələrini və musiqi ifalarını maraqla izləyiblər. Bədii hissə gənclərin istedadının nümayişi ilə yanaşı, milli-mədəni irsimizin təbliği baxımından da yüksək qiymətləndirilib.

Sonda tədbirin təşkilatçıları bu cür görüşlərin gənclərin bir araya gəlməsi, onların uğurlarının tanıdılması, Qərbi Azərbaycana Qayıdış ideyasının təbliği və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.