10 mart 2026, 12:44
2026-cı il mart ayının 13-də Qərbi Azərbaycan İcmasında Kamal Adıgözəlovun “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” adlı monoqrafiyasının təqdimatı keçiriləcəkdir.
Kitab Qərbi Azərbaycanın geosiyasi faktor kimi politoloji təhlilinə həsr edilmişdir. Monoqrafiya müasir beynəlxalq münasibətlərə aid təlimlər əsasında müəyyən edilmiş yanaşma üzrə aparılan tədqiqatın nəticəsidir. Tədqiqat zamanı tarixi, siyasi və geosiyasi aspektlərin qarşılıqlı əlaqəsi prinsipinə diqqət yetirilmişdir.
Kitabda Qərbi Azərbaycan məsələsi bütövlükdə anti-azərbaycan siyasəti prizmasından araşdırılır. Bir neçə yüzil ərzində imperialist dairələrin Qərbi Azərbaycana və Qərbi azərbaycanlılara qarşı həyata keçirdikləri siyasət nəticəsində demoqrafik, mədəni, humanitar, toponim və ərazi faktoru ilə bağlı meydana gələn problemlər nəzərdən keçirilir.
Monoqrafiyanın araşdırma istiqaməti XVIII əsrin ikinci yarısından başlayaraq XXI əsrin üçüncü onilliyinə qədər olan dövrdə Qərbi Azərbaycan məsələsinin geosiyasi faktor kimi müxtəlif aspektlərdə necə dərk edilməsi ilə sıx bağlıdır. Burada sovet dövrünün təhlilinə xüsusi yer ayrılmışdır. Bu, Millətlər Liqası və BMT-nin Qərbi Azərbaycanla bağlı mövqelərinin konkret sənədlər üzrə araşdırılması ilə müşayiət olunur.
Kitabda Qərbi Azərbaycan məsələsinin müstəqil Azərbaycan dövlətçiliyi kontekstində tədqiqində Ulu Öndər Heydər Əliyevin strateji yanaşmasının oynadığı rol xüsusi tədqiq edilir. Bununla yanaşı, Prezident İlham Əliyevin problemin XXI əsrin yeni çağırışları fonunda qoyulması və dərk edilməsi ilə bağlı əvəzsiz töhfələri təhlil edilir.
Kitab Azərbaycanın milli dövlətçilik tarixinin tədqiqatçıları, müasir mərhələdə Qərbi Azərbaycanın geosiyasi faktor kimi araşdırılmasına maraq göstərənlər, müəllimlər, tələbə və doktorantlar, siyasətçilər, dövlət qulluqçuları və bütövlükdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.