Xəbərlər

“Qərbi Azərbaycan həqiqətləri” mövzusunda maarifləndirici tədbir keçirilib
13 may 2026, 14:05

11 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Paşalı rayon icmasının təşkilatçılığı və Gabud kənd icmasının təşəbbüsü ilə “Qərbi Azərbaycan həqiqətləri ilə bağlı maarifləndirmə və təbliğat” mövzusunda silsilə tədbirlər çərçivəsində ilk tədbir İsmayıllı rayonu Ruşan kəndində yerləşən şəhid Qərib Məmmədov adına tam orta ümumtəhsil məktəbində baş tutub.

Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Rəna Cəfərova gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak ediklərini vurğulayıb.

Daha sonra çıxış edən Paşalı rayon Gabud kənd icmasının sədri Dağıstan Xıdırov Qərbi Azərbaycan İcmasının nümayəndələrini təqdim edib, şagirdlərə xalqımızın tarixi kökləri və zəngin mədəni irsi haqqında ətraflı məlumat verib, milli-mənəvi dəyərlərin qorunmasının tarixi faktlar əsasında əsaslandırıb, deportasiya tariximizin mahiyyətini geniş şəkildə təhlil edib və vacibliyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Qərbi Azərbaycan İcması Paşalı rayon icmasının sədri, İdarə Heyətinin üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev çıxış edərək “Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur və Azərbaycan üçün yalnız coğrafi məkan deyil, eyni zamanda, ideoloji məkandır. Milli kimliyimizin, yaddaşımızın, əcdadlarımızın izlərinin formalaşdığı məkan məhz buradır. Bizim qayıdışımız ideoloji deyil, tarixi və mənəvi bir borcdur, eyni zamanda, milli kimliyimizin qorunması, tarixi yaddaşımızın dirçəldilməsi və beynəlxalq hüququn təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Doğma torpaqlarımıza qayıtmaq arzusu həm xalqımızın, həm də dövlətimizin ən ali məqsədidir” - deyə qeyd edib və tarixi həqiqətləri elmi faktlarla əsaslandırıb, məsələnin milli maraqlar baxımından əhəmiyyətini geniş şəkildə izah edib.

Qərbi Azərbaycan icmasının idarə heyyətinin üzvü jurnalist, yazıçı, tədqiqatçı alim, kimya üzrə fəlsəfə doktoru , Gabud kəndinin dəyərli ziyalısı Nazir Əhmədli “Qərbi Azərbaycan tarixi deportasiya və qayıdış” mövzusunda geniş mühazirə təqdim edib. Keşkənd rayon icmasının sədr müavini Məhəmməd Rəsuloğlu isə Qərbi Azərbaycan ərazilərinin tarixən azərbaycanlıların məskunlaşdığı torpaqlar olduğunu təsdiqləyən faktları diqqətə çatdırıb.

Daha sonra folklorşünas, tədqiqatçı alim, İstisu icmasının sədri Alı Alıyev çıxış edərək Qərbi Azərbaycan folklorundan, bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər barədə məlumat verib.

Digər çıxışçılar tarixçi alim, Gomur kənd icmasının sədri Bəxtiyar Həsənov, Qərbi Azərbaycan İcmasının kordinatoru İman Məmmədov, Basarkeçər rayonu icma sədrinin müavini Fəzail Məmmədov, İsmayıllı rayonu üzrə icma sədri Vidadi Məmmədov azərbaycanlılarının öz torpaqlarına qayıdış hüququ, bu prosesin beynəlxalq hüquqla həyata keçirilməsi, qayıdılacaq ərazilərdə beynəlxalq sülh missiyasının fəaliyyətinin təmin edilməsi barədə fikir mübadiləsi aparıblar.

Tədbirin gedişində gabud kənd icmasının üzvləri, kəndin ağsaqqalları və ziyalıları mövzu ilə bağlı çıxışlar edib, şəxsi xatirələrini bölüşüblər. Gabud kəndinin ağsaqqalları Sədaqət Xıdırov, Lətif Abbasov çıxış edərək Dərələyəz mahalında üzləşdikləri etnik təmizləmə zorakılıq, soyqırım, kütləvi qətliam və insanlığa sığmayan cinayətlər barədə danışıblar.

Paşalı rayonu gənclər təşkilatının sədri Tural Abbasov çıxışında Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olduğundan, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququndan bəhs edib.

Gabud kəndinin dəyərli ağsaqqalları, ziyalıları və gəncləri İnqilab Məmmədov, Sadıq Məmmədov, Yaqub Abbasov, Ramiz Əhmədov, Yusif Əhmədov, Tofiq Xıdırov, Malik Məmmədov, Zöhrab Əhmədov və digər qonaqlar mövzu ilə bağlı çıxışlar edərək Qərbi Azərbaycan ərazisindən qovulmuş Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpasından söz salıblar.

Sonda Dağıstan Xıdırov tədbirin təşkilinə göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Dağlıq Şirvan Regional Təhsil İdarəsinə və məktəb rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbir nümayəndə heyəti, müəllimlər və şagirdlərin iştirakı ilə milli birlik rəmzi olan “Yallı” rəqsinin ifası və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.