17 aprel 2026, 10:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 aprel 2026-cı il tarixli Sərəncamı ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Baba oğlu Məmmədov ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Aprelin 17-i siyasi elmlər doktoru, professor Hikmət Məmmədovun 60 illik yubileyi tamam olur.
Hikmət Məmmədov Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü olmaqla yanaşı, Qərbi Azərbaycan İcmasında sədr müavini kimi fəaliyyət göstərərək İcmanın qarşıya qoyduğu strateji hədəflərin həyata keçirilməsində yaxından iştirak edir. O, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Qayıdış Konsepsiyasının təşviqi, eləcə də bu istiqamətdə həyata keçirilən layihələrin reallaşdırılmasına mühüm töhfələr verir. Onun fəaliyyəti İcmanın mövqeyinin gücləndirilməsi və milli məsələlərin daha geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan İcması adından Hikmət müəllimi 60 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.