19 fevral 2026, 12:03
Əziz Ələkbərli erməni yalanlarını darmadağın etdi
İcma rəhbəri: “Biz Qərbi Azərbaycanlılar Ermənistanda heç bir ermənini nə öldürmüşük, nə də cinayət etmişik və ermənilərdən fərqli olaraq...”
Deputat, Milli Məclisdəki Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Musavat.com-a müsahibə verib.
- Əziz bəy, son günlər Ermənistanda Qərbi Azərbaycan mövzusu ilə bağlı ajiotaj yaşanmaqdadır. Bu günlərdə sizin Qərbi Azərbaycanda mədəni irsimizin, həmçinin azərbaycanlılara məxsus yüzlərlə qəbristanlığın dağıdılması, Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı dedikləriniz Ermənistanda geniş müzakirələrə, mətbuat yazılarına səbəb olub. Ermənilər israrla bu kimi vandalizm aktlarını təkzib etməyə cəhd göstərirlər. İsrarlı inkarlara cavabınız necədir?
- Məsəl var, deyir “xain xoflu olar”. Ermənistan tərəfin mənim Qərbi Azərbaycanda mədəni irsimizin, o cümlədən müsəlman qəbiristanlıqlarının dağıdılması ilə bağlı verdiyim açıqlamalara dərhal reaksiya vermələri, üstəlik Ermənistan ərazisində vaxtilə yüzlərlə müsəlman qəbiristanlığının olmasını belə inkar etmələri riyakarlıqdan başqa bir şey deyil. Biz deyəndə ki, ermənilər 20-30 il sonra deyəcəklər: indiki Ermənistan ərazisində ümumiyyətlə, heç vaxt azərbaycanlı əhali yaşamayıb, artıq indidən bunun şahidi olmağa başlayırıq. Mən burada qeyri-adi heç nə görmürəm, bu, əsl erməni xislətidir. Əgər 1987-1991-ci illərə qədər indiki Ermənistanda 172 kənddə ancaq azərbaycanlılar və təxminən 130 kənddə də azərbaycanlılarla ermənilər qarışıq yaşayıbsa, onu da nəzərə alın ki, həmin qarışıq kəndlər əvvəl xalis azərbaycanlı kəndi olubsa və ermənilər o kəndlərə sonradan köçürülüb gətirilibsə, deməli, bu əhalinin qəbiristanlığı da olub da. Erməni bunu necə inkar edə bilər?!
- Amma inkar edirlər...
- Edirlər, çünki ermənidirlər. Hələ mən 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə xaraba qalmız azərbaycanlı kəndlərini və qəbiristanlıqlarını demirəm. Bütün bunlar nə deməkdir? O deməkdir ki, 38 il xalqımıza qarşı törədilmiş bütün cinayətlərə, məruz qaldığımız bütün məhrumiyyətlərə və sonda qalib tərəf olmağımıza baxmayaraq, bölgəyə əmin-amanlığın gəlməsi naminə düşmənə sülh əli uzatsaq da, nə Ermənistan dövləti, nə erməni kilsəsi, nə də erməni diasporu Azərbaycan xalqının, dövlətinin və Prezidentinin bu, sülhpərvər addımını hələ də layiqincə dəyərləndirə bilmir. Bir tərəfdə Paşinyan sülh sazişindən danışır, digər tərəfdə Ermənistan məhkəməsi Samvel Şahramanyanın qondarma qurumun “özünü buraxması barədə qərarı”nın hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərar çıxarır. Yəni Qarabağdağı keçmiş qondarma rejimin fəaliyyətini bərpa edir. Bir tərəfdə Fransa Senatı Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş müharibə canilərinin azad olunmasına çağıran qətnamə qəbul edir, digər tərəfdə Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı həmin caniləri azad etməyə çağıran bəyanat yayır. Bir tərəfdə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdış hüququ barədə boşboğazlıq edir, digər tərəfdə İsveçrə parlamentinin üzvü “Qarabağ məsələsi hələ bağlanmamışdır” kimi təxribatçı açıqlama verir. Və bütün bunlar, Qərbi Azərbaycan İcması olaraq, bizdə təəssüf doğurur. Bəli, biz sülhün tərəfdarıyıq, amma səmimi sülhün, ikibaşlı siyasətin yox.
- Yəqin ki, İcma Qərbi Azərbaycandakı qəbristanlıqlarla bağlı hərtərəfli monitinqlər, araşdırmalar aparıb. Əlinizdə daha hansı faktlar var?
- Təkcə belə bir faktı xatırladım ki, ötən il alim dostum Səbuhi Hüseynovla birgə Qərbi Azərbaycan ərazisindəki 201 müsəlman qəbiristanlığının monitorinqini başa çatdırdıq və həmin qəbiristanlıqlarla bağlı mənzərə bizi dəhşətə gətirdi. Müəyyən etdik ki, 12 qəbiristanlıq üzərindən asfalt yollar çəkilib, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilib, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilib, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiris-tanlığına çevrilib, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilib, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınıb, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılıb, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülüb, 3 qəbiristanlıq ərazisində su anbarı inşa edilib.
- Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə keçirilən görüş də diqqət çəkdi. Görüşün məram-məqsədi barədə nə demək olar? Yeri gəlmişkən, Ermənistandakı – Qərbi Azərbaycandakı məscidlərin - əslində bir məscid salamat qalıb – Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyinə verilməsi təşəbbüsü də var. Bunlar barədə nə demək olar?
- Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə keçirilən tədbir hər iki tərəfin təşəbbüsü ilə həyata keçirildi. Bildiyiniz kimi, keçən il mayın 22-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul olunmuşdu və QMİ sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilmişdi. Təbii ki, bu addım Qərbi Azərbaycan məsələsinin strateji gündəlikdə olması deməklə yanaşı, həm də tarixi ədalətin bərpası çərçivəsində Qərbi Azərbaycan ərazisində əcdadlarımızın yaratdığı və yaşatdığı dini-mənəvi irsin qorunması məqsədini daşıyır. Qafqaz Müsəlmanları İdarəsində keçirdiyimiz tədbir də ilk növbədə həmin məqsədə, Qərbi Azərbaycan İcması olaraq, bizim gələcəkdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə atacağımız addımların məqsədyönlülüyünə xidmət edir. Qərbi Azərbaycan ərazisindəki dini-mənəvi irs deyəndə burada həmin ərazidəki məscid, mədrəsə, dini inanc yerləri - pirlər, ocaqlar, ziyarətgahlar, qəbiristanlıqlar və s. nəzərdə tutulur. Təkcə sonuncu deportasiya – 1987-1991-ci illərdə tərk etmək məcburiyyətində qaldığımız kəndlərdəki 300-dən artıq məscidin və 740 qəbristanlığın koordinatlarını artıq müəyyən etmişik.
- Yəqin ki, işlər yalnız müəyyənləşmələrlə yekunlaşmır, davamı da olacaq...Hətta beynəlxalq müstəvidə işlərinizlə də tanışıq.
- Təbii ki. Biz Qərbi Azərbaycandakı məscidlərimizin monitorinqinin aparılması, bərpa imkanlarının müəyyənləşdirilməsi və qorunması məsələsi ilə bağlı UNESCO-nun rəhbərliyinə müraciət etmişik və bu müraciət BMT-nin rəsmi sənədi kimi yayılıb. Hətta BMT Baş katibi bu məsələnin həlli ilə bağlı Ermənistan rəhbərliyinə müraciət də edib. Amma təəssüf ki, Ermənistan rəhbərliyi susmağa üstünlük verir. Bu da onların səmimiyyətinə şübhə yaradır. Amma təbii ki, biz buna nail olacağıq, xüsusilə ata-baba torpaqlarımıza qayıtdıqdan sonra hər kənddə, şəhərdə məscidlərimizi bərpa edəcəyik və şübhəsiz ki, o məscidlər Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyinə verilməlidir. Necə ola bilər ki, Eçmiədzin katalikosunun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən erməni kilsə yeparxiyaları habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabe olur, amma bizim Ermənistandakı məscidlərimiz Qafqaz Müsəlmanları İdarəsinə tabe olmur? Qərbi Azərbaycandakı məscidlərin erməni kilsəsinə və ya Ermənistan dövlətinə tabe olması barədə düşünməyin özü belə absurddur.
- Yeri gəlmişkən, vətəndaş cəmiyyətinin təmsilçilərinin və ekspertlərin Ermənistana səfərlərini necə qarşılayırsınız?
- Heç şübhəsiz, indiki nümayəndələrin bir-biri ilə görüşməsi təqdirəlayiqdir, biz xalqlarımız arasındakı hər bir dialoqu alqışlayırıq. Amma bu, hələ xalqların bir-biri ilə anlaşması anlamına gəlmir və bu məsələyə heç bir aidiyyatı yoxdur. Ermənistana gedən vətəndaş cəmiyyəti nümayəndələri arasında Qərbi Azərbaycan İcması nümayəndələrindən heç kəsin olmaması o deməkdir ki, erməni tərəf vətəndaş cəmiyyəti səviyyəsində bizimlə dialoqa girməyə hələ ya hazır deyil, ya da bunun qəti əleyhinədirlər. Sonucda onlar Ermənistanda biz qərbi azərbaycanlılarla, o torpaqların geri qayıdacaq nümayəndələri ilə yanaşı yaşamalı olacaqlar.
- Qərbi Azərbaycan İcması ilə Qarabağı könüllü tərk edən mülki ermənilərin görüşlərinin keçirilməsi də təklif olunur. Vaxtilə ermənilər bu kimi təkliflərdən imtina edirdilər, hətta Qarabağ İcması ilə təmaslardan da...İndi bu məsələ sizin üçün aktuallığını saxlayırmı?
- Birincisi, “Qarabağ erməniləri” deyilən bir anlayış yoxdur, separatçı, cinayətkar, əli Azərbaycan xalqının on minlərlə övladının qanına batmış, dövlətinə və xalqına xəyanət etmiş keçmişdə Qarabağ sakini olmuş ermənilər var. Hər bir cinayətkar da öz əməlinə görə cəzasını almalıdır, alır və alacaq: Arayik kimi, Vardanyan və başqaları kimi. Biz Qərbi Azərbaycanlılar isə Ermənistanda heç bir ermənini nə öldürmüşük, nə də cinayət etmişik və ermənilərdən fərqli olaraq geri – öz doğma evlərimizə qayıtmağa da qorxmuruq və qərarlıyıq. Buna görə də Ermənistan tərəfi birdəfəlik bilməlidirlər ki, istəyir yüz Paşinyan, min Köçəryan, on min Sarkisyan olsun, biz o torpaqlara qayıdacağıq, ermənilərdən fərqli olaraq, kimisə qovmağa, öldürməyə yox, o torpaqlarda dinc yanaşı yaşamağa qayıdacağıq. O torpaqların əzəli sakinləri olmuşuq, əbədi sakinləri olmağa qayıdacağıq. Bölgəyə sülh, əmin-amanlıq, rifah gətirmək üçün qayıdacağıq. Bunu Ermənistan tərəf və erməni cameəsi vaxtında anlasa və qəbul etsə, yaxşı olar.
Elşad Paşasoy,
Musavat.com