Xəbərlər

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının iclası keçirilib
10 fevral 2026, 21:50

10 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının iclası keçirilib.

İclasda Ziyalılar Şurasının üzvləri iştirak ediblər.

İclasın gündəliyinə Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə ümumi məlumatın təqdim olunması, Ziyalılar Şurasının iş və fəaliyyət planının müzakirəsi, eləcə də Qərbi Azərbaycan mövzusunda sənədli film layihəsi haqqında məlumat daxil edilib.

Gündəlik təsdiq edildikdən sonra iclas öz işinə başlayıb.

Gündəliyin birinci məsələsi üzrə Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov çıxış edərək İcmanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, görülmüş işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

İkinci məsələ üzrə Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov Şuranın iş və fəaliyyət planı ətrafında müzakirələr apararaq qarşıda duran əsas vəzifələr, prioritet istiqamətlər və Ziyalılar Şurasının institusional rolunun gücləndirilməsi ilə bağlı təkliflər səsləndirib.

Müzakirələr zamanı Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, tarix elmləri namizədi, dosent Bəxtiyar Nəbiyev Şuranın fəaliyyətinin tarixi-siyasi əsaslar üzərində qurulmasının və mövcud çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

Şair, publisist, folklorşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Avtandil Ağbaba Ziyalılar Şurasının iş planında mədəni irsin, ədəbi və folklor nümunələrinin sistemli şəkildə təbliğinin xüsusi yer tutmalı olduğunu vurğulayıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova fəaliyyət planında Qərbi Azərbaycan bölgəsinə məxsus dil xüsusiyyətlərinin, dialekt və şivələrin elmi əsaslarla araşdırılmasının önəmini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Azad Qurbanov arxiv materiallarının, yazılı mənbələrin və informasiya resurslarının toplanması və sistemləşdirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsini təklif edib.

Sənədli film layihəsi ilə bağlı müzakirələr zamanı filologiya üzrə fəlsəfə doktoru Şəfəq Məmmədova filmdə elmi dəqiqliyin, terminoloji ardıcıllığın və məzmunun akademik əsaslara söykənməsinin vacibliyini vurğulayıb.

Ssenarist, rejissor və televiziya işçisi Füzuli Sabiroğlu Qərbi Azərbaycan mövzusunda hazırlanması nəzərdə tutulan sənədli film layihəsi barədə ətraflı məlumat verərək layihənin ideya xətti, konsepsiyası və ictimai əhəmiyyəti haqqında danışıb.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev sənədli filmdə sosial-tədqiqat yanaşmalarının və faktoloji materialların əks olunmasının ictimai təsir baxımından əhəmiyyətini qeyd edib.

Fizika-riyaziyyat elmləri namizədi, dosent Natiq Quliyev isə sənədli filmin hazırlanmasında texniki keyfiyyətin, vizual həllərin və müasir texnoloji imkanlardan istifadənin vacibliyinə toxunub.

Müzakirələrin yekununda qərara alınıb ki, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının il ərzində fəaliyyəti qənaətbəxş hesab edilsin, təqdim olunmuş iş və fəaliyyət planları icraya tövsiyə edilsin, həmçinin sənədli film layihəsi ilə bağlı irəli sürülmüş təkliflərin hazırlanaraq müvafiq qaydada baxılması məqsədəuyğun sayılsın.