Xəbərlər

“Qərbi Azərbaycana qayıdış olmadan dayanıqlı sülh mümkün deyil” — Millət vəkili
19 sentyabr 2026, 10:08

Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin müzakirə olunduğu bir vaxtda Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbi azərbaycanlıların qayıdışı məsələsinə münasibəti yenidən diqqət çəkib.

Paşinyan Qərbi Azərbaycan ritorikasını Ermənistan və regional təhlükəsizlik üçün təhdid kimi qiymətləndirib. Halbuki Azərbaycan tərəfi Qərbi azərbaycanlıların qayıdışını insanların öz tarixi torpaqlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ çərçivəsində təqdim edir.

Maraqlıdır, bu yanaşma fonunda Ermənistan rəhbərliyinin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış məsələsini təhlükəsizlik təhdidi kimi təqdim etməsini necə qiymətləndirmək olar? 

Moderator.az-ın yaranmış suallarını Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli cavablandırıb. 

Deputat qeyd edib ki, Ermənistan tərəfi sülh danışıqlarında heç vaxt səmimi olmayıb, ola da bilməz, çünki söhbət ermənidən gedir:

"Ermənistan Baş naziri Nikol Paşinyan Avropa ilə Rusiya arasında etdiyi manevrləri Azərbaycan və Türkiyə ilə də etmək istəyir. Bir tərəfdən sülh danışıqlarına “gedir”, digər tərəfdən sürətlə silahlanır, üçüncü tərəfdən tez-tez Azərbaycana qeyri-dost münasibət bəsləyən dövlətlərin, təşkilatların rəhbərlərinin yanına qaçır.

Nikol çox gözəl bilir ki, illərdir Ermənistanı himayə edən  iki ölkənin – Rusiya və İranın başı özünə qarışıb, istəyir yaranmış boşluğu, müvəqqəti də olsa, tarix boyu düşmənçilik etdiyi Azərbaycanla Türkiyənin hesabına doldursun.

Paşinyan çox gözəl bilir ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün yeganə yolu Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba yurdlarına qayıdışına bağlıdır. Bu qayıdış olmasa, xalqlar arasında birgəyaşayış olmasa, davamlı sülh də olmayacaq. 

Paşinyanın “Qərbi Azərbaycan” məsələsini Ermənistan və regional təhlükəsizlik üçün təhdid kimi qiymətləndirməsi bir daha sübut edir ki, onun Ter-Ptrosyandan, Köçəryan və Sarkisyandan heç bir fərqi yoxdur. 

Qərbi Azərbaycan qaçqınlarının öz doğma yurdlarına qayıdışını Ermənistanın təhlükəsizliyi üçün təhdid sayan Paşinyan bununla Ermənistanın monoetnik ölkə olaraq qalmasını dəstəkləyir. 

Monoetniklik isə şovinizmin və milli faşizmin mənbəyi deməkdir. Deməli, Paşinyan həm də “Böyük Ermənistan” mifini dəstəkləyir. Təsadüfi deyil ki, artıq xeyli vaxtdır ermənilər bütün sosial şəbəkələrdə “Böyük Ermənistan” mifinin təbliğini pik həddə çatdırıblar.

Bir daha Paşinyanın “Qərbi Azərbaycan” məsələsini Ermənistan üçün təhdid kimi qiymətləndirməsi məsələsinə qayıdıram. Nikol başına qoyduğu “Qafqaz əsri” filmindəki kolxoz sədrinin silindrini bir anlıq qarşısına qoyub fikirləşsə, anlayar ki, əslində, Ermənistan adlı dövlətin və XIX–XX əsrlərdə müxtəlif ölkələrdən həmin torpaqlara köçürülən ermənilərin Cənubi Qafqazda mövcudluğu özü regionda sülh və xalqların təhlükəsizliyi üçün ən böyük təhlükədir.

Ermənilər birdəfəlik bilsinlər ki, onlar istəsə də, istəməsə də, Qərbi Azərbaycan qaçqınları indiki Ermənistandakı tarixi torpaqlarına – öz ata-baba yurdlarına mütləq qayıdacaqlar. Əgər bunun dinc yolla baş verməsini istəməsələr, alternativ yollardan istifadə etmək hüququmuzu tanımış olacaqlar".

https://moderator.az/az/ekskluziv/1023073/qerbi-azerbaycana-qayidis-olmadan-dayaniqli-sulh-mumkun-deyil-millet-vekili?