26 avqust 2026, 12:34
Ermənistanın törətdiyi soyqırımı və deportasiya böyük bir elin taleyinə ölüm, qaçqınlıq və didərginlik həyatı gətirdi
(əvvəli 22 avqust tarixli sayımızda)
Qərbi azərbaycanlı soydaşlarımızın doğma yurdlarına qayıdışı ideyası tarixi məzmunu, mahiyyəti ilə yanaşı, hüquqi və beynəlxalq müstəvidə də müzakirə mövzusudur. Bu taleyüklü məsələ hələ çox illər əvvəl ulu öndər Heydər Əliyev tərəfindən dövlət səviyyəsində gündəmə gətirilmişdi. Prezident Heydər Əliyevin 22 avqust 2001-ci ildə imzaladığı “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərman bu istiqamətdə atılmış mühüm addım idi.
Ötən 25 ildə, xüsusilə Böyük Zəfərimizdən sonra tarixi torpaqlarımızdan deportasiya edilmiş Qərbi azərbaycanlılar haqqında mühüm layihələrin gerçəkləşdirilməsinə başlandı: Qərbi Azərbaycan İcması yaradıldı, Qayıdış Konsepsiyası qəbul edildi və s.
Bu gün tarixi həqiqətlər, doğma torpaqlara qayıdış istiqamətində qarşıda duran məsələlər yenidən diqqət mərkəzindədir. Məsələnin müxtəlif aspektləri, problemin həlli istiqamətində görülən işlər barədə Qərbi Azərbaycandan olan ziyalılarımız – MM-in Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli, İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı və İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə geniş söhbəti oxucularımıza təqdim edirik.
– Fərmanda qaçqınların daimi məskunlaşması üçün torpaq sahələrinin ayrılması, fərdi yaşayış evlərinin və qəsəbələrin tikilməsi, həmçinin Goranboy rayonunun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpası və təmiri nəzərdə tutulur. Bu və digər müvafiq müddəaların icrası nəticəsində daha hansı yaşayış məntəqələrində yeni evlər, qəsəbələr salındı və bütövlükdə neçə ailə mənzillə təmin edildi?
Məlahət İbrahimqızı:
– 22 avqust 2001-ci il tarixli fərmanda qeyd olunduğu kimi, Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması ilə bağlı mövcud problemlər konkret olaraq sadalanırdı. Belə ki, bu ali dövlət sənədində Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqın soydaşlarımızın daimi məskunlaşması üçün torpaq sahələrinin ayrılması, fərdi yaşayış evlərinin və qəsəbələrin tikilməsi, həmçinin Goranboy rayonunun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış mindən artıq yaşayış evinin bərpa və təmir edilərək istifadəyə verilməsi nəzərdə tutulurdu.
Bu Fərman bir daha sübut edir ki, ölkəmizdə 1993-cü illərin ağır iqtisadi, siyasi böhranı, Qarabağ və Şərqi Zəngəzurun işğalı, bir milyon məcburi köçkün və qaçqını kimi taleyüklü çox ağır problemlərin olmasına baxmayaraq, Qərbi Azərbaycan və Qərbi azərbaycanlılar problemi daim dövlətimizin və onun qurucusu ulu öndər Heydər Əliyevin diqqətində olmuşdur.
Nazim Mustafa:
– Etnik təmizləmə nəticəsində Ermənistandan didərgin salınmış azərbaycanlıların statusunu qüvvədə saxlayan bu Fərmanda dövlət qurumlarına tapşırılırdı ki, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində qaçqınların məskunlaşdıqları yerlərdə ayrı-ayrı və imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında müvafiq torpaq sahələrinin ayrılmasını təmin etsinlər.
Həmin Fərmanla Dövlət Neft Fondunun hesabından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqınların daimi məskunlaşması üçün ayrılacaq torpaq sahələrində yaşayış evlərinin və qəsəbələrin, mühəndis xətlərinin tikintisi üçün 20, Goranboy rayonunun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpa edilməsi üçün 53, 1995-ci ildən tikintisi yarımçıq qalmış 322 evin tikintisinin başa çatdırılması üçün 10 milyard manat məbləğində vəsait ayrılması qərara alınmışdı.
Bir ildən sonra, 13 sentyabr 2002-ci ildə ümummilli lider Heydər Əliyev Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistandan didərgin salınmış qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün qəsəbənin açılış mərasimində iştirak etmişdi. Açılış zamanı Ümummilli lider uzaqgörənliklə dedi ki, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcək.
Məhz Heydər Əliyevin göstərdiyi qayğının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasında yaşayış evləri, Şəmkir və Abşeron rayonunda qəsəbə, Sabunçu rayonunda isə yaşayış kompleksi inşa edilərək qaçqınların istifadəsinə verildi. 2001-2002-ci illərdə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 1329 qaçqın ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Ümumiyyətlə, Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 43 fərman və sərəncam imzalanmış, Milli Məclis 23 qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etmişdir.
– 2001-ci ildə qəbul edilən bu Fərman Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların problemlərinin həllinə dövlət yanaşmasında hansı dönüş yaratdı və bu sənədin bugünkü “Böyük Qayıdış” siyasəti baxımından tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?
Əhliman Əmiraslanov:
– Bu gün Ulu öndər ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Azərbaycan dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusu reallığa qovuşub, işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış gerçəkləşib.
Haqqında söhbət etdiyimiz Fərmanda əsasən məskunlaşma problemlərinin həlli müddəaları yer alsa da, əslində, bu Prezident İlham Əliyevin xeyir-duası ilə yaradılan Qərbi Azərbaycan İcması tərəfindən uğurla həyata keçirilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təməl prinsiplərindən biridir. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Əziz Ələkbərli:
– 2001-ci ildə qəbul edilən həmin Fərmanla ulu öndər Heydər Əliyev dövlətin və dövlət başçısının öz soydaşlarına sahib çıxmasının nümunəsini göstərdi. Bu, eyni zamanda, insanlarımızda ata-baba yurdlarına qayıdışa inamı daha da artırdı. Bu, çox vacib məqam idi. İnsanlarımız 1987-1991-ci illərdə təkcə erməni vəhşiliyinin, erməni faşizminin qurbanı olmamışdılar, eyni zamanda, həmin dövrdə o vaxtkı Azərbaycan hakimiyyətinin onların taleyinə laqeydliyinin qurbanı olmuşdular. Bəli, həmin vaxt biz həm də yiyəsizliyin qurbanı olmuşuq. O vaxtkı Azərbaycan rəhbərliyi, Vəzirov rejimi nəinki Qərbi Azərbaycandakı soydaşlarımıza dəstək olmadı, əksinə, çətin ayaqda onları tərk etdi.
Bakıdan, Mərkəzi Komitədən Qərbi Azərbaycanın rayonlarına göndərilən nümayəndələr insanlara “qarışıqlıq salmayın, ermənilərlə yola gedin”, – deyib, geri döndülər. Bakıya vəziyyəti izah etməyə gələn azərbaycanlıların isə ağzından vurub, “yerin üstü ilə gəlibsiniz, altı ilə geri qayıdın, yalan danışıb, Bakıya çaxnaşma salmayın” dedilər, Mirbəşir (indiki Tərtər), Xanlar (indiki Göygöl) rayonlarının birinci katibləri erməni zülmündən qaçıb Azərbaycana sığınan ailələri kəndlərə buraxmadı, aylarla çölün düzündə yaşamağa məhkum etdi, İrəvan-Bakı qatarını İmişli stansiyasında saxlayıb, ermənidən xilas edilərək Bakıya göndərilən arvad-uşağı qatardan yerə tökdülər. Bunları biz yaşadıq.
İndi isə Ulu öndərin həmin Fərmanı ilə dövlət soydaşlarına sahib çıxırdı. Bunun nə qədər mənəvi dəyəri olduğunu təsəvvür edirsinizmi? “Böyük Qayıdış” siyasəti baxımından həmin Fərmanın tarixi əhəmiyyəti əvəzsizdir.
Məlahət İbrahimqızı:
– 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra baş verən bütün proseslər də bu fikirləri təsdiq edir. Təkcə onu demək kifayətdir ki, 24 dekabr 2022-ci ildə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirilən görüşdə etdiyi tarixi çıxışı, eləcə də sonrakı çıxışlarında səsləndirdiyi çox açıq fikirlər və qətiyyətli mövqe deyilənləri bir daha sübut edir. Əslində, Qarabağ məsələsində olduğu kimi bütün xalqı Qərbi Azərbaycana qayıdış yolunda yenidən həmrəyliyə və birliyə çağıran bu tarixi çıxış təkcə Qərbi azərbaycanlılara ünvanlanmırdı. Bu çıxış həm də Azərbaycan və beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlar və bəyanatdır.
Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının əsası və Qayıdışın yol xəritəsi olan bu çıxışlar Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdışının da Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad edilməsi kimi dövlət siyasətinin prioritet istiqaməti olduğunu sübut etdi. 44 günlük Vətən müharibəsindən sonra məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışı ilə bağlı dövlətin qəbul etdiyi “Böyük Qayıdış” proqramı məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlardakı doğma yurdlarına dönüş proqramına, həm də yüz minlərlə Qərbi Azərbaycan qaçqınlarının doğma yurdların qayıdış və orada məskunlaşma konsepsiyası kimi qəbul etmək olar. İnanırıq ki, yaxın illərdə bu proqram çərçivəsində, sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq çərçivəsində Qərbi azərbaycanlıların Zəngəzura, İrəvana və Göyçəyə qayıdışı və məskunlaşması təmin ediləcəkdir.
Nazim Mustafa:
– Ümummilli lider Heydər Əliyev Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz yer-yurdlarına qayıdacaqlarına inandığını bildirirdi. O, 10 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarının bir qrupu ilə görüşündə demişdi: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir... Mən güman etmirəm ki, o torpaqlardan islam əbədi olaraq silinibdir, – mən belə hesab etmirəm. İslam harada olubsa, ora bir də gələcəkdir. Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar. Ona görə o yerləri islamın xəritəsindən heç vaxt silmək olmaz”.
Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə son 2002-ci il sentyabr görüşü Ermənistandan didərgin salınan qaçqınların öz doğma yer-yurdlarına qayıdacaqlarına inamı daha da artırdı. O gün də gələcək. Onda Ulu öndərin də ruhu şad olacaq. Necə ki, Heydər Əliyev siyasətinin davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeritdiyi siyasət nəticəsində 30 ildən artıq müddətdə işğal edilmiş ərazilərimiz bütünlüklə azad edildikdən sonra soydaşlarımız Qarabağ və Şərqi Zəngəzura – doğma yurd yerlərinə qayıdırlar.
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər.
Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Qərbi Azərbaycan İcması tarixi faktlara, beynəlxalq konvensiya və beynəlxalq hüququn prinsiplərinə əsaslanan Sülhsevər Qayıdış Konsepsiyasını hazırlayaraq qəbul etmişdir. Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər. İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, bugünkü Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına qayıtması üçün lazımi işlər görülür.
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan), adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
– 1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyevin “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı ilə bir əsrdə 4 dəfə deportasiya olunan soydaşlarımıza qarşı törədilən bu vandalizmlərə ilk tarixi-siyasi qiymət verildi. Sizcə, bu Fərmanın həmin tarixi hadisələrin öyrənilməsi və sonrakı illərdə Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə gündəmə gətirilməsi baxımından hansı mühüm əhəmiyyəti oldu?
Əhliman Əmiraslanov:
– Prezident Heydər Əliyevin ali hakimiyyətə ikinci dəfə gələndən sonra imzaladığı ən fundamental sənədlərdən biri də "Azərbaycanlıların deportasiyası haqqında" Fərman idi. 1997-ci il dekabrın 18-də imzaladığı bu sənədlə o, azərbaycanlıların deportasiyasına ilk dəfə olaraq tarixi-siyasi qiymət verdi. Əslində, bu, təsadüfi bir qərar deyildi, ulu öndər Heydər Əliyev hələ 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin Birinci sessiyasındakı çıxışında tarixi ədalətin bərpası uğrunda mübarizəmizin xəritəsini cızmış, bu məsələ ilə bağlı Azərbaycan dövlətinin milli strategiyasını irəli sürərək demişdi: "1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv. kilometr olub. İndi isə 86 min kv. km-dir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz”. O, bütün varlığı ilə inanırdı ki, bir gün tarixi ədalət zəfər çalacaq və insanlar öz yurd-yuvasına mütləq geri dönəcək.
Bu idealları özündə ehtiva edən Qərbi Azərbaycan İcması həm tarixi həqiqətlərin, abidələrimizin, həm də ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər və şəhərlərdən Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı faktları özündə əks etdirən rəqəmsal platformalar hazırlayır və həyata keçirir. Qeyd edim ki, 2023-cü ilin martında Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.
Əziz Ələkbərli:
– Təsadüfi deyil ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ulu öndərin imzaladığı ilk tarixi fərmanlarından biri “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman oldu. Ulu öndər 1997-ci il dekabrın 18-də imzaladığı bu Fərmanda ilk dəfə olaraq tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində son 200 ildə azərbaycanlılara qarşı yeridilmiş etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinə peşəkar frontal baxış sərgilədi və tarixi-siyasi qiymət verdi.
Sovet dövründə bizə öz tariximizi obyektiv öyrənməyə imkan verilmirdi. Bir tərəfdən, Qərbi Azərbaycan ərazisinin öyrənilməsi “başqa respublikanın ərazisi” kimi məqsədəuyğun sayılmırdı, digər tərəfdən, “sovet milli siyasəti” türk-müsəlman, o cümlədən Azərbaycan xalqına öz tarixinə obyektiv yanaşmağı qadağan edirdi. Ermənilər “türk düşmənçiliyini” geniş təbliğ etdiyi halda, azərbaycanlılara “qardaşlıq” mahnıları oxudurdular. Təlimat Moskvadan gəlirdi.
Ulu öndər Heydər Əliyevin Qərbi azərbaycanlıların deportasiyası haqqında 1997-ci il 18 dekabr tarixli həmin Fərmanından sonra Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi sahəsində böyük bir proses başladı. İlk dəfə idi ki, bu məsələyə dövlət səviyyəsində belə açıq münasibət bildirilirdi və qısa vaxtda bir çox arxiv materialları, mənbələr ortaya qoyuldu, tədqiqatlar aparıldı, kitablar işıq üzü gördü. Tarixi yaddaş geri qaytarıldı. Və bütün bunlar sonrakı illərdə Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə gündəmə gətirilməsi üçün böyük faktoloji baza yaratmış oldu.
(davamı növbəti saylarımızda)
https://xalqqazeti.az/az/siyaset/276584-qerbi-azerbaycana-qayidis-ulu-onderin