02 oktyabr 2026, 12:43
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Ərqazan Dərələyəz mahalının Ərgəz kəndi yaxınlığında yerləşən alban xristian məbədidir. Bu ərazi 1931-ci ildən Keşişkənd rayonu, 1935-ci ildən Mikoyan rayonu, 1957-ci ildən isə Yeğeqnadzor rayonu adlandırılıb.
Qədim mənbələrdə Ərqazan kimi qeydə alınan və bu adı ilə Oğuz ərlərinə məxsusluğu (Ər Qazan) aydın olan bu pirin yaxınlığındakı kiçik daş kilsədəki kitabələrdə Siyuni hakimi Vasakın (türk adı – Qazan) oğlu Proşun (Uroşun), onun Xatununun (Qutlu Xatunun), onların oğlu Atçının və Canbuğa ağanın adlarının çəkilməsi və 746-cı il (miladi 1297) tarixin qeydə alınması abidənin XIII yüzildə tikildiyini və türk mədəniyyət nümunəsi olduğunu qəti şəkildə təsdiq edir.
Uzunluğu 16, eni 14 addım olan bu daş məbəd 1870-ci ildə bərpa edilmiş, lakin 1918-ci ildə erməni daşnakları pirin ətraf divarlarını dağıdıb içəri hücum etmiş, binaya xeyli ziyan vurmuşlar. 1950-1960-cı illərdə isə ermənilər bu müqəddəs ocağı “bərpa edərək” görkəmini başqa şəklə salmış, erməniləşdirmişlər.
Ərgəz kəndində 1918-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Həmin tarixdə kənd ermənilər tərəfindən yandırılmış, elə o vaxtdan da kənd xaraba qalmış, kilsə isə bütün erməni mənbələrində Arkazan adı ilə qeyd olunmuşdur.
https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___erqazan_mebedi-4442838?



