09 oktyabr 2026, 09:42
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Her-Her (Qoşavəng) Dərələyəz mahalının Her-Her kəndindən 1 kilometr şimal-şərqdə, dərələrlə əhatə olunmuş kiçik qayalıq təpənin üzərində yerləşən qədim alban xristian məbədidir. Dərələyəz mahalı 1931-ci ildən Paşalı rayonu, 1935-ci ildən Əzizbəyov, 1991-ci ildən isə Vayk rayonu adlandırılıb.
Qoşa kilsədən ibarət olduğu üçün Qoşavəng adı ilə bizə gəlib çatmış məbəd VIII-IX əsrlərdə incə işlənmiş yonma daşdan tikilib, sonrakı əsrlərdə ona bir sıra tikililər əlavə edilib.
Məbəd divarla əhatə olunmuşdu. Ərazidə monastır hücrələrinin, təsərrüfat tikililərinin və qəbiristanlığın qalıqları qalmaqdadır.
Her-her kəndinin də ətrafında olan qədim qəbiristanlıqda çoxlu qəbirüstü qoç daşları olmuş, bu daşların üzərində at, kişi, qadın, saz, qoyun, kəl və bəzi vəhşi heyvanların rəsmləri çəkilmişdi. Bu kənd tarix boyu türk tayfalarının vətəni olub. Adının Ger-ger/Gəngər/Qarqar türklərinin adını daşıması da bunu sübut edir. 1880-ci illərə qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. 1880-ci illərdə kəndə İrandan və Osmanlıdan ermənilər (54 ailədə 492 nəfər) köçürülüb.




