22 oktyabr 2026, 15:27
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Göyçə mahalının Kəvər rayonunun Nərədüz kənd qəbiristanlığında alban xristian məbədi və qəbirüstü abidələr yerləşir. Kəvər rayonu 1959-cu il aprelin 13-dən Kamo rayonu adlandırılıb. Nərədüz kəndinin adı isə 1991-ci il avqustun 8-dən Noratus olaraq dəyişdirilib
Nərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Bu qəbiristanlıqda XIII yüzilə aid xaç daşları ilə XIV yüzilin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrinin yanaşı mövcud olması bölgədə yerli ərmən-qıpçaq əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilin sonları - XIV yüzilin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir.
Nərədüz qəbiristanlığında vəfat tarixi 1305-ci ilə aid olan "şəhid" əmir Sədəddin ibn Seyfəddinə məxsus sanduqə tipli qəbr daşının mövcudluğu da diqqətçəkəndir. Sənduqənin bir tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir edilib, digər tərəfində isə ərəb dilində aşağıdakı yazı oyulub: “Bu məzar Allahın mərhəmətinə yüksəlmiş mərhum şəhiddir. Yeddi yüz dördüncü il“ (704-cü ili - 1304/05-ci miladi ili).
İrəvan xanlığı 1827-ci il oktyabrın 1-də çar Rusiyası tərəfindən işğal olunarkən burada bir nəfər də erməni olmayıb. Nərədüz kəndi qədimdən türk tayfalarının vətəni olub, bura ilk ermənilər 105 ailədə 605 nəfər (326 kişi, 279 qadın) olmaqla 1830-cu ildə Türkiyədən köçürülüb gətiriliblər.









