Xəbərlər

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Sənain məbədi
26 oktyabr 2026, 14:04

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Sənain kəndində, Çətindağ dağının ətəyində yerləşən Sənaın Dağ Borçalısının Loru mahalına aid xristian məbədidir. Loru mahalı 1930-cu il sentyabrın 9-dan Allahverdi, 1969-cu il sentyabrın 19-dan isə Tumanyan rayonu adlandırılıb.

Tarixçilərin fikrincə, Sənaın bölgədə ən qədim kilsədir. İsanın apostolları “möminlərin ibadəti üçün” burada xaç ucaldıb, IV yüzilin əvvəllərində Maarifçi Qriqori bu xaçın üstündə sovməə tikdirib, Yunanıstandan gələn monaxlar isə X yüzildə (951-ci ildə) burada əzəmətli daş məbəd inşa ediblər. Monastır kompleksindəki digər tikililər sonrakı əsrlərin yadigarıdır.

951-ci ildə tikilmiş kilsə monastırın dövrümüzə çatmış ən qədim tikilisidir. Bazalt daşından inşa edilmiş bu bina tərəflərinə dörd əlavə tikili birləşdirilmiş "kvadrat daxilində xaç" planlıdır. Vaxtilə kilsənin interyeri divar rəsmləri ilə bəzədilmişdir.

1064-cü ildə kilsə Səlcuqların hücumuna məruz qalıb, 1139-cu ildə baş verən zəlzələ isə bütün memarlıq kompleksinə ciddi ziyan vurub. 1235-ci ildə monqol işğalından sonra monastır tənəzzülə uğrayıb, tikililərin əksəriyyəti xarabalığa çevrilib. Sonrakı əsrlərdə kilsə dəfələrlə təmirə və qismən yenidənqurmaya məruz qalıb. Məsələn, II Şah Abbasın (1632-1666) hakimiyyəti dövründə məbəd təzədən bərpa olunub, 1652-ci ildə ona günbəz əlavə edilib.

1932-ci ildə güclü zəlzələ nəticəsində kilsənin günbəzi dağılıb tökülüb.

1940-cı ildə məbəd ermənilər tərəfindən təmir edilərək ona bir çox erməni elementləri əlavə edilib.

Sənain kəndi qədimdən türk tayfalarının vətəni olub, bura ilk ermənilər XIX yüzilin əvvəllərində İran və Türkiyədən köçürülüb gətiriliblər.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___senain_mebedi-4479411?