01 avqust 2026, 16:36
31 iyul 2026-cı il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində hüquq elmləri doktoru, professor, Qərbi Azərbaycan əsilli alim İsfəndiyar Ağayevin müəllifi olduğu "Cinayət hüququ. Ümumi hissə" adlı fundamental dərsliyin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində hüquqşünas alimlər, ali təhsil müəssisələrinin rəhbərləri, habelə tələbə-müəllim heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri, o cümlədən Qərbi Azərbaycan İcmasının rəhbər heyəti iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca professor İsfəndiyar Ağayevin elmi yaradıcılığına və "Cinayət hüququ. Ümumi hissə" kitabının ərsəyə gəlməsi prosesinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonra tədbir iştirakçılarını salamlayan müəllif, hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayev bildirib ki, Azərbaycan hüquq elmi müstəqil inkişaf yolunu seçməli, sovet-rus hüquq doktrinasının təsirindən uzaqlaşaraq dünya hüquq elminin nailiyyətlərini mənimsəməlidir. Onun sözlərinə görə, milli hüquq məktəbinin formalaşdırılması məhz müasir elmi yanaşmaların və beynəlxalq hüquq təcrübəsinin tətbiqi ilə mümkündür.
Mərasimdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Ağsaqqallar Şurası sədrinin müavini, professor Vaqif Şadlinski Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, professor İsfəndiyar Ağayevin hüquq elminə verdiyi töhfələri yüksək qiymətləndirərək bildirib ki, bu fundamental nəşr yalnız Azərbaycan hüquq elmi üçün deyil, həm də Qərbi azərbaycanlı ziyalıların intellektual potensialının və elmi ənənələrinin növbəti mühüm uğurudur. Vaqif Şadlinski müəllifin ailə köklərinin Qərbi Azərbaycana bağlı olduğunu xüsusi vurğulayaraq bu uğurun bütün Qərbi azərbaycanlılar üçün qürur mənbəyi olduğunu qeyd edib.
Tədbirdə, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, DTX-nin Heydər Əliyev adına Akademiyasının rəis müavini Azər İsmayılov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin kafedra müdiri, professor Firuzə Abbasova, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri, professor Zahid Cəfərov və digər çıxışçılar professor İsfəndiyar Ağayevin çoxillik elmi pedaqoji fəaliyyətini, hüquq elminin inkişafına verdiyi töhfələri və yeni dərsliyin əhəmiyyətini yüksək dəyərləndiriblər.
Tədbirin sonunda professor İsfəndiyar Ağayev təqdimat mərasimində iştirak edən hər kəsə göstərdikləri diqqətə və yüksək qiymətə görə minnətdarlığını ifadə edib. Müəllif, həmçinin, atası, əslən Qərbi Azərbaycanın Qafan rayonundan olan, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, professor Bəhlul Ağayevə xüsusi təşəkkürünü bildirərək, qazandığı bütün uğurlarda onun mənəvi dəstəyi, həyat təcrübəsi və vətənə bağlılıq ruhunun mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, "Cinayət hüququ. Ümumi hissə" kitabı Azərbaycan Respublikası elm və təhsil nazirinin 25 dekabr 2025-ci il tarixli əmri ilə ali təhsil müəssisələrinin tələbələri üçün dərslik kimi təsdiq edilib.
Əsər cinayət hüququnun ümumi hissəsinə dair nəzəri və praktiki məsələləri müasir hüquqi yanaşmalar əsasında sistemli şəkildə izah edir. Kitabın əsas fərqləndirici xüsusiyyəti onun sovet-rus hüquq doktrinasından uzaqlaşaraq dünya hüquq elminin universal nailiyyətlərinə, xüsusilə Alman hüquq məktəbinin elmi irsinə söykənməsidir.
Nəşrdə Paul Yohann Anselm fon Feyerbax, Çezare Bekkaria, Frans fon List, Karl Bindinq, Rudolf fon Yering və digər görkəmli hüquqşünasların konsepsiyalarına, eləcə də İmmanuel Kant, Georq Vilhelm Fridrix Hegel, Aristotel, Platon, Artur Şopenhauer, Fridrix Nitsşe və başqa böyük filosofların hüquq fəlsəfəsinə dair baxışlarına geniş yer verilib.
Kitabda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 25 dekabr 2025-ci il tarixinədək edilmiş bütün əlavə və dəyişikliklər nəzərə alınıb. Bununla yanaşı, milli qanunvericilik beynəlxalq hüquq təcrübəsi ilə müqayisəli şəkildə təhlil edilərək Azərbaycan hüquq elminin müstəqil və qlobal hüquqi düşüncə ilə uzlaşan inkişaf istiqaməti ortaya qoyulub.
Professor İsfəndiyar Ağayev cinayət hüququ, beynəlxalq cinayət hüququ və cəza-icra hüququ sahələrində 20-dən artıq kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Azərbaycanın hüdudlarından kənarda da nəşr olunaraq hüquq ictimaiyyəti tərəfindən maraqla qarşılanır.



























