04 avqust 2026, 17:45
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Azərbaycan Orta Dəhliz və TRIPP xətti ilə Avrasiyanın mərkəzinə çevrilir
XXI əsrin geosiyasətində dövlətlərin qüdrəti artıq təkcə hərbi güc və ya xammal ehtiyatları ilə deyil, qlobal ticarət arteriyalarına nəzarət etmək, Şərqlə Qərbi birləşdirən etibarlı alternativ marşrutlar yaratmaq bacarığı ilə ölçülür. Bu qlobal dəyişikliklər fonunda Azərbaycanın oynadığı rol artıq regional çərçivəyə sığmır. Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat və enerji sisteminin əsas qovşağına çevrilən Bakı bu gün Avrasiyanın geoiqtisadi xəritəsini yenidən formalaşdırır. Bu tarixi transformasiyanın arxasında isə Prezident İlham Əliyevin uzaqgörən, dəqiq hesablanmış və qətiyyətli liderlik strategiyası dayanır.
Hər hansı bir coğrafiyanın iqtisadi üstünlüyə çevrilməsi təbii nemət deyil, iradə və siyasi uzaqgörənlik tələb edir. Azərbaycan illər öncə bu həqiqəti dərk edərək mərhələli və qüsursuz işlənilmiş strategiyanı həyata keçirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəlcə Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi vasitəsilə qlobal enerji xəritəsində əvəzolunmaz mövqe qazanıldı. Enerji təhlükəsizliyini təmin edən Bakı dərhal ardınca nəqliyyat və logistika xəritəsini dəyişməyə başladı. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər üzərindən Mərkəzi Asiya ilə qurulan sıx əlaqələr ayrı-ayrı layihələr deyil, tək bir mərkəzdən idarə olunan böyük strategiyanın həlqələridir. Bu gün Azərbaycan Özbəkistan, Qırğızıstan və Tacikistan dəmir yollarının daxil olduğu Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasına sədrlik edir. Bu isə o deməkdir ki, Bakı artıq sadəcə yük daşıyan tranzit ölkə deyil, tarif, logistika və bağlantı siyasətini müəyyən edən güclü regional mərkəzdir.
Rusiya–Ukrayna müharibəsinin yaratdığı geosiyasi risklər və dəniz daşımalarındakı qeyri-sabitlik fonunda dünya ticarəti təhlükəsiz alternativlər axtarır. Dünya Bankının hesablamalarına görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz düzgün investisiyalarla yükdaşımaları 2030-cu ilə qədər üç dəfə artırmaq, Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarəti 37 faiz, Avropa İttifaqı ilə ticarəti isə 28 faiz yüksəltmək potensialına malikdir. Bu qlobal mənzərədə Azərbaycan liderinin diplomatiyası prosesə tamamilə yeni geoiqtisadi nəfəs verdi. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilən razılaşmalar və ABŞ-ın dəstəklədiyi TRIPP (“Trump Route for International Peace and Prosperity”) layihəsi məsələyə tamamilə fərqli geosiyasi çərçivə qazandırdı. Prezident İlham Əliyevin 2026-cı ilin fevralında Münhen Təhlükəsizlik Konfransında və iyun ayında Donald Trampa ünvanladığı müraciətlərdə qətiyyətlə vurğuladığı kimi, bu xətt Orta Dəhlizin ayrılmaz və mühüm həlqəsidir. Mərkəzi Asiya, Xəzər, Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa xəttini birləşdirən bu zəncir regionda sülh və iqtisadi inteqrasiya üçün misilsiz fürsətdir. Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqənin qurulması Türk Dövlətləri Təşkilatı daxilində iqtisadi əməkdaşlığı kağız üzərindən real ticarət sisteminə çevirir.
Cənab Prezident İlham Əliyevin siyasi xəttinin ən böyük uğurlarından biri də Azərbaycanın qlobal güclər arasında manevr etmək, ziddiyyətləri əməkdaşlığa çevirmək bacarığıdır. Çin, Avropa İttifaqı, Türkiyə, Mərkəzi Asiya dövlətləri və ABŞ-ın bu dəhlizə maraq göstərməsi fonunda Bakı heç bir zaman tərəf seçməyə məcbur qalan dövlət olmayıb, əksinə, bütün maraqları birləşdirən əsas tərəfdaş kimi çıxış edir. Liderin strateji baxışı yalnız tranzit rüsumu yığmaqla məhdudlaşmır. Əsas hədəf yükün ətrafında iqtisadiyyat yaratmaqdır: logistika mərkəzləri, anbarlar, Ələt Azad İqtisadi Zonası, emal müəssisələri və rəqəmsal xidmətlər. Azərbaycan tranzit ölkədən əsl istehsal-logistika qovşağına çevrilir.
Nəticə etibarilə, coğrafi olaraq xəritədə məhdud ölçüyə malik olan Azərbaycanın Prezident İlham Əliyevin iradəsi və uzaqgörən siyasəti sayəsində Avrasiyanın iqtisadi və siyasi xəritəsindəki çəkisi qat-qat artır. Orta Dəhliz, BTQ, Xəzər bağlantıları və TRIPP vahid mexanizm kimi tam işlək vəziyyətə gəldikcə, ölkəmiz Şərqlə Qərb arasındakı körpünün həm memarı, həm də əsas qovşağı kimi tarixə yazılacaq.