Təqdimatlar

“Qovuşuq” kitabının təqdimat mərasimi keçirilib
13 oktyabr 2026, 14:54

2026-cı il oktyabrın 13-də Qərbi Azərbaycan İcmasının Akt zalında yazıçı-publisist Vəli Həsənoğlunun müəllifi olduğu “Qovuşuq” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin əsas məqsədi Dərələyəz mahalının tarixi-mədəni irsinin, ziyalılarının və milli dəyərlərinin gənc nəsil arasında təbliği, Qovuşuq kəndinin tarixi keçmişinin, adət-ənənələrinin və görkəmli şəxsiyyətlərinin tanıdılması, tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi olub.

Tədbirdə  açılış nitqi ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış edib. O, “Qovuşuq” kitabının tarixi yaddaşın qorunması, Qərbi Azərbaycan irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu cür fundamental əsərlər təkcə bir kəndin deyil, bütövlükdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri və insanlarının həyat salnaməsinin öyrənilməsi üçün mühüm mənbədir.

Mahirə Hüseynova qeyd edib ki, Qərbi Azərbaycanın hər bir mahalının, kəndinin və tarixi abidəsinin öyrənilməsi, onların keçmişinin sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması vacibdir. Onun sözlərinə görə, tarixi yurd yerlərinin yaddaşlarda yaşadılması üçün araşdırmalar davam etdirilməli, mövcud məlumatlar yeni faktlar və şəxsi xatirələrlə zənginləşdirilməlidir. Bu baxımdan “Qovuşuq” kitabı mühüm elmi-mədəni əhəmiyyət daşıyır.

Daha sonra kitabın müəllifi, yazıçı-publisist Vəli Həsənoğlu çıxış edərək əsərin ərsəyə gəlməsi prosesi, aparılan araşdırmalar və qarşıya qoyulan məqsədlər barədə məlumat verib. Müəllif bildirib ki, kitabın hazırlanması zamanı Qovuşuq kəndinin tarixi, ailələri, nəsilləri, görkəmli şəxsiyyətləri, adət-ənənələri və kənd sakinlərinin xatirələri ətraflı şəkildə araşdırılıb.

Vəli Həsənoğlu qeyd edib ki, belə bir əsərin hazırlanması uzunmüddətli zəhmət və geniş məlumat toplamağı tələb edir. Araşdırmalar zamanı tarixi mənbələrdən, arxiv materiallarından, müxtəlif dövrlərə aid sənədlərdən və insanların şəxsi xatirələrindən istifadə olunub. Müəllif kəndin keçmişinin mümkün qədər dolğun əks etdirilməsi üçün ailə və nəsillər haqqında məlumatların toplanmasına xüsusi diqqət yetirildiyini vurğulayıb.

O, Qovuşuq kəndinin tarixi ilə bağlı məlumatların sistemləşdirilməsinin, kənd sakinlərinin və onların nəsillərinin yaddaşında yaşayan hadisələrin qeydə alınmasının vacibliyini diqqətə çatdırıb. Müəllifin sözlərinə görə, şəxsi xatirələr də tarixi tədqiqatların əhəmiyyətli tərkib hissəsidir. Çünki insanların yaşadıqları və şahidi olduqları hadisələrə dair xatirələr yazılı mənbələrdə əks olunmayan mühüm detalları üzə çıxara bilər.

Vəli Həsənoğlu kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərə, araşdırmalar zamanı məlumat və xatirələrini bölüşənlərə, eləcə də layihəyə dəstək göstərənlərə təşəkkür edib. O, “Qovuşuq” kitabının kəndin tarixi irsinin qorunmasına və Qərbi Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Televiziyasının əməkdaşı Aybəniz Məmmədəliyeva kitabın tarixi və mənəvi əhəmiyyətindən danışıb. O, Qərbi Azərbaycanla bağlı xatirələrin, ailə tarixlərinin və nəsillərin yaddaşında qorunan məlumatların gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bu cür nəşrlər yalnız keçmişi öyrənmək baxımından deyil, həm də tarixi yurd yerləri ilə mənəvi bağlılığın qorunması və Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.

Tədbirdə, həmçinin Qovuşuq kənd İcmasının sədri Gövhər Zülfüqarova, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Zeynal Həsənəliyev, Keşkənd rayon İcmasının sədr müavini, şair-publisist Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, Əməkdar mədəniyyət işçisi, şairə-publisist və jurnalist Telli Pənahqızı və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda Qovuşuq kəndinin tarixi keçmişinin araşdırılması, kənd sakinlərinin həyat yolunun, milli-mənəvi dəyərlərinin və adət-ənənələrinin sənədləşdirilməsi yüksək qiymətləndirilib. Bildirilib ki, belə əsərlər doğma yurdların tarixi yaddaşını yaşatmaqla yanaşı, gələcək tədqiqatlar üçün də dəyərli mənbə rolunu oynayır.  Eyni zamanda “Qovuşuq” kitabının tarixi yaddaşın qorunması, Qərbi Azərbaycanın zəngin irsinin öyrənilməsi və təbliği, kəndin görkəmli şəxsiyyətlərinin tanıdılması baxımından əhəmiyyəti qeyd olunub. Kitabın gələcək nəsillər üçün dəyərli mənbə olduğu vurğulanıb, bu istiqamətdə araşdırmaların davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri də təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Qovuşuq” kitabına yazılmış ön sözdə əsərin etnoqrafik və tarixi əhəmiyyəti xüsusi vurğulanır. Bildirilir ki, müəllif müxtəlif mənbələrdən topladığı faktları, araşdırmaları və şəxsi hekayələri vahid mətn daxilində birləşdirərək oxucunu Dərələyəz mahalının Qovuşuq kəndinin tarixi keçmişinə aparır. Əsər kəndin maddi və mənəvi irsini, sakinlərinin həyatını və nəsillərin yaddaşında yaşayan xatirələri əks etdirməklə yanaşı, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyət daşıyır.

Ön sözdə, həmçinin Qərbi Azərbaycan mövzusu tarixi yaddaş, milli kimlik və doğma yurda bağlılıq kontekstində dəyərləndirilir. Bu baxımdan “Qovuşuq” yalnız bir kəndin salnaməsi deyil, həm də xalqın keçmişinə, mənəvi dünyasına və tarixi irsinə işıq salan, gələcək araşdırmalar üçün zəmin yaradan bir əsər kimi səciyyələndirilir.

Qeyd edək ki, kitabda Mahirə Nağıqızının “Keçəydim” şeirinə də müraciət olunur. Bu məqam əsərin tarixi faktlarla yanaşı, doğma yurda bağlılıq və qayıdış arzusunun mənəvi-emosional tərəflərini də əhatə etdiyini göstərir.