Xəbərlər

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində tədbir keçirilib
26 may 2026, 00:55

25 may 2026-cı il tarixdə Qərbi Azərbaycan İcmasında “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində tədbir keçirilib.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində baş tutan görüşdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, İcma üzvləri, ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib. O, layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkürünü ifadə edib.

Daha sonra söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verilib. Qonaqları salamlayan sədr Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən bəhs edib. O vurğulayıb ki, Qərbi Azərbaycan həqiqətlərinin təhsil müəssisələrində, eləcə də təhsil işçiləri arasında təbliği xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ümummilli ideyaya çevrilən Qərbi Azərbaycan məsələsi dövlətimizin siyasi xəttinin prioritet istiqamətlərindən biridir.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini diqqətə çatdırıblar.

Görüş çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Sonda iştirakçılarla xatirə fotosu çəkdirilib.