24 iyun 2026, 16:59
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının beynəlxalq hüquqla təsbit edilmiş fundamental hüquq olduğunu bildirib.
Çıxışına tədbir iştirakçılarını salamlayaraq başlayan Zahid Cəfərov qeyd edib ki, Ümumdünya Qaçqınlar Günü milyonlarla insanın yaşadığı faciələri xatırlatmaqla yanaşı, Qərbi Azərbaycandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının taleyini də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, XX əsr boyunca Qərbi azərbaycanlılar dəfələrlə deportasiyalara, etnik təmizləmə və zorakı köçürmələrə məruz qalıblar. Zahid Cəfərovun sözlərinə görə, 1905–1906, 1918–1920, 1948–1953 və 1987–1991-ci illərdə baş verən hadisələr bir-birindən ayrı deyil, azərbaycanlılara qarşı həyata keçirilən sistemli siyasətin tərkib hissəsidir.
“Tarix boyu Qərbi azərbaycanlılara qarşı yürüdülən siyasət təsadüfi olmayıb. Bu siyasət milli mənsubiyyətə görə insanların öz doğma torpaqlarından qovulmasına, onların tarixi-mədəni irsinin məhv edilməsinə yönəlib”, – deyə o vurğulayıb.
Zahid Cəfərov bildirib ki, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası məsələsinə hüquqi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Onun sözlərinə görə, Ulu Öndərin imzaladığı fərman və sərəncamlar Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və qayıdış ideyasının formalaşması baxımından mühüm mərhələ olub.
Hüquqşünas alim çıxışında beynəlxalq hüququn qayıdış hüququnu birmənalı şəkildə tanıdığını diqqətə çatdırıb. O qeyd edib ki, İnsan Hüquqları üzrə Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi Haqqında Konvensiya və digər beynəlxalq sənədlər insanların öz doğma yurdlarına qayıtmaq hüququnu təsbit edir.
“1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın müddəalarına əsasən heç kəs öz ölkəsinə qayıtmaq hüququndan məhrum edilə bilməz. Bu hüquq həm deportasiya olunmuş şəxslərə, həm də onların övladlarına şamil olunur”, – deyə Zahid Cəfərov bildirib.
O vurğulayıb ki, qayıdış hüququ yalnız sərhədlərin tanınması və ya siyasi bəyanatlarla məhdudlaşmır. Bu hüquq insanların öz evlərinə, mülkiyyətlərinə, tarixi və mənəvi irsinə qovuşmasını da ehtiva edir.
Çıxışında xüsusilə mədəni irsin məhv edilməsinə diqqət çəkən Zahid Cəfərov bunu azərbaycanlılara qarşı həyata keçirilən siyasətin ən təhlükəli tərəflərindən biri kimi qiymətləndirib:
“Fiziki məhvetmə nə qədər ağırdırsa, mənəvi məhvetmə ondan da təhlükəlidir. Tarixi abidələrin, qəbiristanlıqların, mədəni irsin məhv edilməsi xalqın yaddaşına qarşı yönəlmiş cinayətdir”.
O qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, məscidlərin, qəbiristanlıqların və digər tarixi-mədəni irs nümunələrinin dağıdılması mədəni soyqırımın təzahürləridir.
Zahid Cəfərov çıxışının sonunda qayıdış ideyasının yalnız hüquqi deyil, həm də mənəvi məsələ olduğunu vurğulayıb:
“Biz hər zaman deyirik ki, Qərbi Azərbaycana qayıdış bizim həm hüququmuzdur, həm də mənəvi haqqımızdır”.
O bildirib ki, bölgədə davamlı sülhün təmin olunması üçün Qərbi azərbaycanlıların qayıdış hüququ tanınmalı və bu hüququn reallaşdırılması beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə təmin edilməlidir.
“Sülh yalnız o zaman dayanıqlı ola bilər ki, qayıdış hüququ öz təsdiqini tapsın. Biz Qərbi Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağıq”, – deyə Zahid Cəfərov vurğulayıb.